Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası 7 iyun tarixində Ermənistan ərazisinə keçən Azərbaycan vətəndaşının şəxsiyyətini müəyyənləşdirib. Bu barədə Dövlət Komissiyasının saytında məlumat verilir.
“Məlum olub ki, həmin qadın Gədəbəy rayonu, Arabacı kənd sakini 1977-ci il təvəllüdlü, Ələkbərova Qətibə olub. Araşdırma nəticəsində Q.Ələkbərovanın Qazax rayonlararası ruhi xəstəxanasında dispanser qeydiyyatında olduğu müəyyən edilib”, - deyə məlumatda qeyd olunur.
Komissiya bildirir ki, hazırda Q.Ələkbərovanın azad edilməsi istiqamətində tədbirlər görülür.
Ermənistanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar işçi qrupunun rəhbəri Armen Kaprielyana istinadən erməni mətbuatı iyunun 7-də Azərbaycanın Tovuz rayonunun Yanıqlı kənd sakini Zöhrə Vəliyevanın Ermənistana keçməsi barədə məlumat yayıb.
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan vətəndaşının Ermənistan ərazisinə keçməsinə dair məlumatı təsdiqləyib.
“Ermənistan hakimiyyət orqanları 7 iyun tarixində Ermənistan-Azərbaycan beynəlxalq sərhədi keçən şəxs haqqında BQXK-nı məlumatlandırıb”, - deyə İ.Hüseynova bildirib. **
F.İsazadə