Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2016-cı ilin əvvəlindən müvəkkil kredit təşkilatları vasitəsilə sahibkarlara 57,3 mln. manat məbləğində güzəştli kredit verib. Bu barədə İqtisadiyyat Nazirliyinin məlumatında deyilir.
2016-cı ilin əvvəlindən fondun vəsaitləri hesabına 1,1 minə yaxın layihə maliyyələşdirilib. Bu 2,2 mindən artıq yeni iş yerinin açılmasına imkan verəcək.
SKMF cümə axşamı Ağsu rayonunda sahibkarlığa dövlət dəstəyi ilə bağlı tədbir keçirib. İndiyədək Dağlıq Şirvan iqtisadi rayonunda sahibkarlar 1,8 minə yaxın investisiya layihəsinin reallaşdırılmasına 64,3 mln. manat məbləğində kredit əldə ediblər.
“Tədbir çərçivəsində cümə axşamı 51 sahibkarlıq subyekti ümumilikdə 371 min manat güzəştli kredit əldə edib. Kredit vəsaitləri heyvandarlıq, tərəvəzçilik, kartofçuluq, arıçılıq və digər sahələrdə layihələrin icrası üçün ayrılıb. Bu layihələrin icrası 50-dən artıq iş yerinin açılmasına imkan verəcək”, - deyə məlumatda vurğulanır.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 59 bank və qeyri-bank kredit təşkilatı vasitəsilə həyata keçirilir. 2015-ci ildə fondun xətti ilə sahibkarlara 248,5 mln. manat kredit verilib. 2016-cı ildə Fondun vəsaitindən kreditləşmənin həcmi 250 mln. manat həcmində planlaşdırılır. **
A.Əzizov