Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) “Buta Sığorta” şirkətinin mövcud sığorta portfelinin “Günay Sığorta” şirkətinə verilməsinə dair sazişi təsdiq edib. Bu barədə Palatadan məlumat verilib.
Cümə axşamı MBNP-nın Direktorlar Şurasının növbəti iclasının yekunlarına dair müvafiq qərar qəbul olunub.
“Şirkətlər arasında “Buta Sığorta”nın sığorta portfelinin “Günay Sığorta” şirkətinə verilməsinə dair saziş imzalanıb. Sonra hər iki şirkət sazişlin təsdiq olunması məsələsi ilə bağlı Palataya müraciət edib. Təqdim olunan məlumatların təhlili göstərdi ki, “Günay Sığorta”nın məcmu kapitalı, bu şirkətin ödəniş qabiliyyəti, sığorta ehtiyatları və sığorta qaydaları mövcud sığorta qanunvericiliyinə uyğundur”, - deyə məlumatda vurğulanır.
MBNP-nın Direktorlar Şurasının sədri Rüfət Aslanlı “Buta Sığorta”nın sığorta portfelinin “Günay Sığorta” şirkətinə verilməsinə zamanı istehlakçıların hüquqlarının müdafiəsinə dair tapşırıqlar verib.
Xəbər verildiyi kimi, cari ilin may ayında “Buta Sığorta” ləğv edilməsi haqqında elan edib. Mayın sonunda isə 1 iyun 2016-cı il tarixindən etibarən “Günay Sığorta” şirkətinə birləşməsi barədə məlumat yayıb.
“Günay Sığorta” 1992-ci ildə yaradılıb. Şirkətin səhmdarları 3 hüquqi və 2 fiziki şəxsdir. Nizamnamə kapitalı 5 mln. 400,542 min manat təşkil edir.
2015-ci il ərzində şirkət 205,241 min manat məbləğində sığorta haqqı əldə edib, 90,459 min manat ödəniş həyata keçirib. **
N.Abbasova