Prezident İlham Əliyev “Birgə Azərbaycan–Fransız Universiteti (UFAZ)” layihəsinin həyata keçirilməsi barədə sərəncam imzalayıb. Bu barədə cümə günü rəsmi mətbnuat məlumat verir.
“Azərbaycan Respublikasının təhsil naziri ilə Fransa Respublikasının milli təhsil, ali təhsil və tədqiqat naziri arasında Azərbaycan–Fransız Universitetinə dair Niyyət Məktubunun təsdiq edilməsi haqqında” Azərbaycan prezidentinin sərəncamı ilə əlaqədar Azərbaycanda ali təhsil sisteminin təkmilləşdirilməsi və Fransanın nüfuzlu ali məktəbləri ilə əlaqələrin genişləndirilməsi, eləcə də Azərbaycan vətəndaşlarına xaricə getmədən öz vətənlərində aparıcı ölkələrin ali təhsil standartları çərçivəsində keyfiyyətli təhsil almaq imkanının yaradılması məqsədi iləUFAZ layihəsinə cəlb edilən ölkənin ali təhsil müəssisələrinə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin keçirdiyi qəbul imtahanlarının nəticələri əsasında tələbə seçimini müstəqil aparmaq hüququnun verilməsini tapşırıb.
Bu sərəncamla müəyyən edilir ki, UFAZ layihəsinə cəlb olunan Azərbaycanın ali təhsil müəssisələri tətbiq etdikləri Fransanın müvafiq ali təhsil müəssisələrinin təhsil proqramlarını birgə idarə etmək hüququna malikdirlər, maddi-texniki baza imkan verdiyi hallarda UFAZ layihəsi üçün müəyyən edilmiş dövlət hesabına təhsilalanların sayından artıq ödənişli əsaslarla da tələbə qəbulu apara bilərlər.
Nazirlər Kabinetinə UFAZ layihəsi çərçivəsində dövlət hesabına təhsil alan tələbələrin sayını hər il müəyyən etmək, UFAZ layihəsinə cəlb olunacaq ali təhsil müəssisələrinin maddi-texniki bazasının təşkili və əməliyyat xərclərinin maliyyələşdirilməsi məsələlərini həlli tapşırılıb. **
R.Babayev