Cümə günü İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan Stav “İnterfaks-Azərbaycan” agentliyinin ofisində olub.
“İnterfaks-Azərbaycan” Azərbaycanda baş çəkdiyim ilk agentliklərdən biridir. Həmçinin, İsrailin səfiri kimi Azərbaycana gələndən sonra ilk müsahibəni məhz sizin agentliyə vermişəm. Ümid edirəm ki, sizinlə əməkdaşlığımız gələcəkdə də inkişaf edəcək”, - deyə D.Stav agentliyin baş direktoru Aleksandr İvanovla görüşü zamanı bildirib.
Diplomat jurnalistlərin işıqlandırdıqları mövzuya obyektiv və peşəkar yanaşmanın vacibliyini vurğuladı.
“Jurnalistlərin baxışları yalnız onların özləri ilə məhdudlaşmır. Yazdıqları məqalələri geniş auditoriya oxuyur. Bu səbəbdən baş verən hadisələr barədə məlumatın obyektiv şəkildə çatdırılması jurnalistlərin fəaliyyətində əsas elementlərdəndir”, - deyə D.Stav qeyd edib.
O bildirib ki, bir ilə yaxındır İsrailin Azərbaycandakı səfiri postunu tutur və bu dövr ərzində ölkədə baş verən bir çox dəyişikliklərin şahidi olub.
“Bunlar iqtisadi sahədə dəyişikliklərdir. Həm də cəbhə xəttində mövcud vəziyyətin necə dəyişdiyinin, Azərbaycan orusunun nə dərəcədə güclü olduğunu gördük. Bu dövr ərzində biz həmçinin Nardaran hadisələrinin şahidi olduq”, - deyə diplomat qeyd edib.
“Mənə məlumdur ki, Azərbaycan Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasını arzu edir. Lakin, əfsuslar olsun ki, bəzən müdafiə olunmaq üçün silaha əl atmaq məcburiyyəti yaranır. Müharibənin çox ağır nəticələri var - insanlar həyatlarını itirir, iri maliyyə xərclərinə yol verilir və s. Ancaq siz özünüzü müdafiə etmək üçün mübarizə aparmaq məcburiyyətindəsiniz”, - deyə o əlavə edib.
Səfir həm də vurğulayıb ki, bu yaxınlarda Qazaxıstanda baş verən hadisələr, o cümlədən, Türkiyə və Tel-Əvivdə törədilən terror aktları terrorçuluqla mübarizədə heç bir sərhədin olmadığını nümayiş etdirdi.
“Bu yaxınlarda biz Qazaxıstan, Türkiyə və Tel-Əvivdə törədilən terror hücumlarının şahidi olduq. Azərbaycan və İsrail üçün terrorçuluq əsas problemdir. Ölkələr onunla mübarizəyə xüsusi diqqət ayırırlar. Azərbaycan və İsrailin terriorçuluqla mübarizə aparmalarına baxmayaraq, ölkələrimizin iqtisadiyyatları dinamik şəkildə inkişaf edir. Müəyyən iqtisadi çətinliklərin olduğu doğrudur, lakin iqtisadiyyatının şaxələndirilməsi və inkişafı üçün Azərbaycanın əlindən gələni edir”, - deyə o vurğualyıb.
Öz növbəsində. A.İvanov diplomata agentliyin fəaliyyəti və informasiya siyasəti barədə ətraflı məlumat verib.
“İnterfaks-Azərbaycan”ın məlumatları 145 ölkədə oxunur. Müvafiq olaraq, yaydığımız məlumat yalnız Azərbaycanda deyil, həm də digər ölkələrdə, o cümlədən İsraildə də oxunur”, - deyə baş direktor bildirib.
A.İvanov Azərbaycana verdiyi yüksək qiymətə görə həmsöhbətinə minnətdarlığını bildirdi.
“Azərbaycanda iqtisadiyyatın inkişafı, sosial həyata və cari ilin aprel ayında dördgünlük müharibə zamanı ölkənin hərbi nailiyyətlərinə verdiyiniz yüksək qiyməti duymaq mənə xoşdur”, - deyə A.İvanov qeyd edib.
O əlavə edib ki, aprel hadisələri zamanı Rusiya və qərbin aparıcı mətbu orqanları “İnterfaks-Azərbaycan” agentliyinin məlumatlarına istinad ediblər.
“Dördgünlük müharibə zamanı biz həmçinin özümüzün peşəkar jurnalist töhfəmizi verdik. “İnterfaks”ın əsas xəbər lentində əməkdaşlarımızn həmin 4 gün ərzində baş verən hadisələr barədə yazdıqları 250-dən çox məlumat yer alıb. Rusiya ilə yanaşı, ABŞ, Almaniya, İtaliya və Avropanın digər ölkələrinin nüfuzlu nəşrləri bu məlumatlara istinad ediblər”, - deyə baş direktor vurğulayıb.
O bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin əsas bəyanatı münaqişənin sülh yolu ilə nizamlanmasıdır.
“Əgər əks tərəf, düşmənlər bunu anlamırlarsa, əlbəttə ki, güc göstərmək lazımdır”, - deyə o bildirib.
Beynəlxalq terrorçuluqdan söz açarkən, A.İvanov öz güclü ordu və xüsusi xidmət orqanları ilə İsrailin terror təhdidlərinin qarşısını ilkin təzahürlərdə ala biləcəyinə əminliyini ifadə etdi.
Görüş çərçivəsində həmsöhbətlər Azərbaycanın informasiya məkanında İsrail səfirliyi ilə “İnterfaks-Azərbaycan” agentliyi arasında əməkdaşlığın vacibliyini qeyd ediblər. Tərəflər bu əməkdaşlığın dərinləşməsi üçün səy göstərəcəklərinə dair razılığa gəliblər. **
F.İsazadə