Azərbaycan Xarici İşlər Nazirliyi Amerikanın Orlando şəhərində çoxsaylı insan tələfatı ilə nəticələnən silahlı hücumu pisləyib.
“ABŞ-ın Orlando şəhərində (Florida ştatı) çoxlu sayda insanın ölümü və yaralanması ilə nəticələnən dəhşətli silahlı hücumu qınayırıq. Həlak olanların ailələrinə və Amerika Birləşmiş Ştatlarının xalqına dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə şəfa tapmasını diləyirik”, - deyə XİN-in mətbuat katibi Hikmət Hacıyevin bəyanatında deyilir.
İyunun 12-nə keçən gecə əfqan əsilli ABŞ vətəndaşı Ömər Mətin Orlando şəhərində yerləşən gecə klubunda 50 nəfəri öldürüb və 53 nəfəri yaralayıb. Özü isə polis əməliyyatı zamanı öldürülüb.
Cinayəti törətmədən bir qədər öncə Ö.Mətin polisə zəng vuraraq “İslam dövləti” terror qruplaşması ilə əlaqələri barədə bəyan edib.
ABŞ prezidenti Barak Obama Orlandoda baş verən hadisələri “terror və nifrət aktı” kimi xarakterizə edib. **
F.İsazadə