2016-cı ilin yanvar-aprel aylarındaAzərbaycan İpoteka Fondunun (AİF) vəsaitləri hesabına ipoteka kreditləşməsinin həcmi 1,1 mln. manat təşkil edib ki, bu da 2015-ci ilin analoji dövrünün göstəricisindən 31,7 dəfə azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
Aprel ayında AİF-in agent bankları tərəfindən cəmi 200 min manat məbləğində ipoteka krediti verilib.
AMB-nin məlumatına görə, yanvar-aprel aylarında fond 21,6 mln. manat məbləğində krediti təkrar maliyyələşdirib (azalma 1,4%).
Hesabat dövründə AİF sosial ipotekanın verilməsi üçün dövlət büdcəsindən 14,5 mln. manat alıb.
AİF 2005-ci ilin dekabr ayında yaradılıb və 2006-cı ilin martında ipoteka kreditlərinin verilməsinə başlayıb. Azərbaycanda sosial ipotekanın verilməsinə 2007-ci ildən başlanılıb və 6 ay davam edib. AİF 2009-cu il iyunun 1-dən kommersiya şərtləri ilə ipoteka kreditlərinin verilməsi prosesini bərpa edib. Kommersiya şərtləri ilə ipoteka kreditləri dövlət büdcəsi vəsaitlərinin hesabına deyil, fondun öz istiqrazlarını buraxmasından cəlb etdiyi vəsaitlər hesabına verilir.
Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 50 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir.
Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimal məbləği 50 min manat təşkil edir, illik faiz dərəcəsi 4%-dən çox deyil.
2015-ci ildə AİF-in agent bankları 97,2 mln. manat məbləğində ipoteka krediti veriblər.*
N.Abbasova