Azərbaycan prezidenti İlham Əliyev qüvvələrin hamılıqla səfərbər olunması və terrorizmə qarşı mübarizənin zəruriliyi barədə bəyan edir.
“Bu gün bütün dünya terrorizm kimi dəhşətli bir bəla ilə üzləşib. Belə bir vəziyyət qüvvələrin hamılıqla səfərbər olunmasını və terrorizmə qarşı qətiyyətlə mübarizə aparılmasını tələb edir. Azərbaycan terrorizmdən əziyyət çəkən ölkə kimi daim terrorizmi pisləyir və terrorizmə qarşı mübarizəni dəstəkləyir”, - deyə İ.Əliyevin ABŞ-ın Orlando şəhərində törədilən terror aktı ilə əlaqədar amerikalı həmkarı Barak Obamaya başsağlığı məktubunda deyilir. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
İ.Əliyev həlak olanların ailələrinə və Amerika xalqına başsağlığı verib, yaralananların sağalmasını arzulayıb.
“Florida ştatının Orlando şəhərində törədilmiş amansız terror aktı nəticəsində insanların həlak olması və yaralanması xəbəri məni son dərəcədə sarsıtdı”, - deyə məktubda deyilir.
İyunun 12-nə keçən gecə əfqan əsilli ABŞ vətəndaşı Ömər Mətin Orlando şəhərində gecə klubunda 50 nəfəri öldürüb və 53 nəfəri yaralayıb. Özü isə polis əməliyyatı zamanı öldürülüb.
Cinayəti törətmədən bir qədər öncə Ö.Mətin polisə zəng vuraraq “İslam dövləti” terror qruplaşması ilə əlaqələri barədə bəyan edib.
ABŞ prezidenti Barak Obama Orlandoda baş verən hadisələri “terror və nifrət aktı” kimi xarakterizə edib. **
F.İsazadə