Milli Məclis bu gün Azərbaycan və İran dəmir yollarının əlaqələndirilməsinə dair hökumətlərarası sazişi ratifikasiya edib.
"Saziş "Şimal-Cənub" dəmir yolu layihəsinin reallaşdırılması çərçivəsində Azərbaycan və İran arasında nəqliyyat sahəsində işlərin sürətləndirilməsini və əməkdaşlığı nəzərdə tutur”, - deyə Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin sədri Ziyad Səmədzadə bildirib.
Onun sözlərinə görə, saziş Azərbaycan tərəfinin Astaradan İranla sərhədə qədər 8,3 kilometr uzunluğunda dəmir yolunun tikintisini, İran ərazisində Qəzvin-Rəşt yolunun tikintisinin başa çatmasını və 164 kilometr uzunluğunda Rəşt-Astara yolunun tikintisini nəzərdə tutur.
"Bundan başqa, sazişdə hər iki dövlətin ərazisində yüklərin boşaldılıb yüklənməsi terminallarının və sərhəd-keçid məntəqələrinin tikintisi, Astara (Azərbaycan) - Astara (İran) dəmir yolunun qarşılıqlı istifadəsi haqqında sazişin işlənib hazırlanması və təsdiq edilməsi nəzərdə tutulur", - deyə komitə sədri qeyd edib.
Sənəd həmçinin Bakı-Astara-Rəşt-Qəzvin-Təbriz-Culfa-Naxçıvan marşrutu ilə yük və sərnişin daşımaları üçün şərait yaradılmasını, Naxçıvan-Culfa-Təbriz-Tehran-Məşhəd sərnişin marşrutunun hərəkətinin təşkilini və Astaradan (İran) Azərbaycan ərazisi ilə başqa ölkələrə tranzit yük və sərnişin daşımalarının təşkilini nəzərdə tutur.*
R.Babayev