Azərbaycanın gömrük orqanları ölkəyə 49,2 min ədəd siqaretin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinin qarşısını alıb. Bu barədə Dövlət Gömrük Komitəsinin saytında məlumat verilir.
Məlumatda qeyd olunur ki, Tovuz Gömrük İdarəsinin əməkdaşları tərəfindən “Sınıq Körpü” və “Sadıxlı”gömrük postlarında Gürcüstandan vətənə gələn Azərbaycan vətəndaşalrına məxsus müxtəlif avtomobillərdən ümumilikdə 28,8 min ədəd siqaret aşkar olunaraq götürülüb.
Bundan başqa, DGK qeyd edir ki, Xaçmaz Gömrük İdarəsinin əməkdaşları idarəyə daxil olan əməliyyat məlumatı əsasında “Samur” gömrük postunda Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçiriblər. Yoxlama zamanı avtomobilin təkərlərinin içindən gömrük nəzarətindən gizlədilən 20,4 min ədəd siqaret aşkar edilərək götürülüb.
Faktlarla bağlı araşdırma aparılır.**
F.İsazadə