Ukraynada Dünya azərbaycalılarının beynəlxalq əlaqələndirmə Mərkəzi yaradılıb. Bu barədə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun mətbuat xidmətindən məlumat verilib.
DABƏM-nın mərkəzi ofisi Kiyevdə yerləşir, təşkilat Ukraynanın Ədliyyə Nazirliyində qeydiyyatdan keçib.
Yeni strukturun yaradılması ideyası Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadova məxsusdur. Təşkilatın rəhbəri də H.Cavadovdur.
Təşkilat fəaliyyətini qurandan sonra H.Cavadovun UABD-nın sədri postundan gedəcəyi gözlənilir.
“Dünya azərbaycalılarının beynəlxalq əlaqələndirmə Mərkəzi bir çox ölkənin diaspor təşkilatları ilə birgə fəaliyyətə dair razılıq əldə edib”, - deyə H.Cavadov qeyd edib.
Onun sözlərinə görə, yeni yaradılan strukturun əsas məqsədi Azərbaycan haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasından ibarətdir.
“Xarici mətbuatla əlaqələrin qurulması üçün səy göstərəcəyik. Həmçinin, dünya azərbaycanlılarını birləşdirəcək sosial şəbəkə yaradılacaq. İnformasiya müharibəsinin gücləndirilməsi üzrə iş aparılır, Azərbaycan KİV-in cəlb olunacağı yeni layihələr yaradılır”, - deyə H.Cavadov vurğulayıb. **
R.Babayev