Rəsmi Bakı qondarma “Dağlıq Qarabağ Respublikasının” “başçısı” Bako Saakyanın Brüsselə səfərini təxribat hesab edir.
“Qondarma “Dağlıq Qarabağ Respublikasının” “başçısı” Bako Saakyanın Brüsselə səfəri sübut edir ki, münaqişənin həlli üzrə substantiv danışıqlara başlamaq və qəbuledilməz olan status-kvonun dəyişdirilməsi üçün addımlar atmaq əvəzinə Ermənistan tərəfi bu kimi təxribatçı əməllərlə münaqişənin danışıqlar yolu ilə həllinə yenə də xələl gətirməyə çalışır”, - deyə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin B.Saakyanın Belçikaya səfəri ilə bağlı bəyanatında deyilir.
Onun sözlərinə görə, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təmsilçisi kimi özünü təqdim edən Bako Saakyanın Brüsselə getməsi mahiyyət etibarilə turist səfərindən başqa bir şey deyil.
“Ermənistanın diplomatik pasportu ilə hərəkət edən Bako Saakyan adlı şəxs Şengen vizasının alınması prosesində öz şəxsiyyəti və daimi yaşayış ünvanı haqqında yanlış məlumat verir”, - deyə H.Hacıyev vurğulayıb.
XİN-in mətbuat katibi Şərq Tərəfdaşlığı proqramında iştirak edən digər ölkələrin halında Şengen vizasının alınması prosesində bu kimi fərdlərə qarşı səfər sanksiyası tətbiq edildiyi halda, Bako Saakyana Şengen vizasının rəsmiləşdirilməsinə təəssüf edib. **
R.Babayev