İran Dağlıq Qarabağ münaqişəsində ikili standartlardan istifadə etmir. Bu barədə İranın Bakıdakı səfiri Möhsün Pakayin bəyan edib.
“İranın Qarabağ məsələsində ikili standartlar nümayiş etməsi rəyi ilə razı deyiləm”, - deyə diplomat cümə axşamı jurnalistlərə bildirib.
O qeyd edib ki, İranın bu məsələdə mövqeyi dəyişməz qalır.
“Biz bütün beynəlxalq təşkilatlarda Azərbaycanın yanında olmuşuq. Dövlətlərin, o cümlədən Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi, prinsipial mövqeyimizdir”, - deyə o vurğulayıb.
Diplomat qeyd edib ki, Tehran bu münaqişənin sülh yolu ilə nizamlanmasını arzu edir və regionda müharibənin yenidən başlanmasına qarşıdır.
Səfir həmçinin Qarabağ və Fələstin münaqişələri arasında paralel aparmağın düzgün olmadığını hesab edir.
“Fələstin məsələsinə yanaşma Qarabağ münaqişəsinə yanaşmadan fərqli olmalıdır. Bunlar iki fərqli problemdir. İsrail rejimi Fələstinin bütün ərazisini işğal edib. İsrail rejimi dəyişilməli, fələstinlilər öz torpaqlarına qayıtmalıdırlar. Qarabağ münaqişəsinin həlli üçün iki ölkənin liderləri danışıqlar aparırlar. Bu prosesin tezliklə həllinə ümid edirik. Fələstin münaqişəsinin nizamlanması məsələsində sülh yolu görmürük”, - deyə M.Pakayin vurğulayıb. **
F.İsazadə