2016-cı ilin yanvar-may aylarında Azərbaycanın xarici ticarətinin mənfi saldosu ötən ilin analoji dövründə $1 mlrd. 214 mln. 480,85 min səviyyəsində müsbət saldoya qarşı $281 mln. 466,31 min təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
2016-cı ilin yanvar-may ayları ərzində Azərbaycanın xarici ticarət dövriyyəsi $6 mlrd. 381 mln. 408,81 min (azalma 31,78%) təşkil edib.
Bununla yanaşı, hesabat dövrü ərzində ixracın həcmi $3 mlrd. 49 mln. 971,25 min, idxalın həcmi $3 mlrd. 331 mln. 437,56 min təşkil edib. 2015-ci ilin yanvar-may aylarının göstəricisi ilə müqayisədə ixracın həcmi 42,26%, idxalın həcmi isə 18,19% azalıb.
İxracın strukturunda 75,91% neftin, 5,12% neft məhsullarının, 3,74% təbii qazın, 0,16% elektrik enerjisinin, 3,74% meyvə-tərəvəz məhsullarının, 0,09% çayın, 0,2% bitki və heyvan mənşəli yağların, 0,66% qəndin, 0,28% spirtli və spirtsiz məhsulların, 0,65% kimya məhsullarının, 1,42% plastik kütlələr və onlardan hazırlanan məmulatların, 1,29% qara metal və ondan hazırlanan məmulatların, 1,18% alüminium və ondan hazırlanan məmulatların, 0,24% pambıq ipliyin payına düşüb.
İdxal məhsullarının strukturunda 14,8% ərzaq məhsullarının, 1,6% tütün və tütün məhsullarının, 0,2 sementin, 2,09% əczaçılıq məhsullarının, 2,88% plastik kütlələr və onlardan hazırlanan məmulatların, 1,83% odun və agac məhsullarının, 14,39% qara metal və ondan hazırlanan məmulatların, 23,42% maşın, mexanizm və elektrik aparatlarının, o cümlədən onların ehtiyat hissələrinin, 14,08% nəqliyyat vasitələri və onların ehtiyat hissələrinin, 1,38% mebelin, 23,33% digər məhsulların payına düşüb.
Cari ilin yanvar-may aylarında xarici ticarət əməliyyatlarında 3,597 min özəl və dövlət müəssisəsi və 3,909 min fiziki şəxs iştirak edib.
Bu dövrdə Azərbaycan dünyanın 155 ölkəsi ilə ticarət əməliyyatları həyata keçirib.
2016-cı ilin yanvar-may aylarında Azərbaycan əsas ixrac əməliyyatlarını İtaliya (ümumi ixracın 19,78%-i), Almaniya (9,2%), Fransa (9,84%) və İsrail (6,83%), əsas idxal əməliyyatlarını isə Rusiya (18,3%), Türkiyə (12,43%), Böyük Britaniya (6,29%), ABŞ (6,1%) ilə həyata keçirib. **
N.Abbasova