2016-cı ilin dekabr ayında Bakıda VII Azərbaycan-Rusiya Regionlararası Forum keçiriləcək. Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
“İqtisadiyyat naziri Şahin Mustafayevin Moskvada Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukaev ilə görüşü zamanı Forumun keçirilməsinə dair razılıq əldə olunub”, - deyə məlumatda qeyd edilir.
Nazirliyin məlumatına görə, görüşdə Azərbaycan və Rusiya arasında iqtisadi-ticarət əlaqələri və əməkdaşlığın genişləndirilməsi perspektivləri, Şimal-Cənub nəqliyyat dəhlizinin ölkələr üçün yaratdığı tranzit imkanları və dəhlizin inkişaf etdirilməsi məsələləri müzakirə olunub.
Ş.Mustafayev xatırladıb ki, Azərbaycan və Rusiya arasında 50-dən çoxu iqtisadi sahədə olmaqla 170-dən çox sənəd imzalanıb. Onun sözlərinə görə, hazırda Azərbaycanda Rusiya kapitallı 600-ə yaxın şirkət fəaliyyət göstərir. Azərbaycan şirkətləri də Rusiyada uğurla fəaliyyət göstərirlər. Rusiya tərəfindən Azərbaycan iqtisadiyyatına $3 mlrd., Azərbaycan tərəfindən isə Rusiya iqtisadiyyatına $1 mlrd. birbaşa investisiya qoyulub.
Nazir kənd təsərrüfatı, maşınqayırma, əczaçılıq və s. sahələrdə Rudiya ilə əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu diqqətə çatdırıb.
A.Ulyukaev Azərbaycan-Rusiya əlaqələrinin müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə uğurla davam etdiyini bildirib, əməkdaşlığın genişlənməsi üçün hər iki ölkənin böyük potensiala malik olduğunu vurğulayıb. **
N.Abbasova