Azərbaycan Silahlı Qüvvələri iyuinun 19-dan 24-dək qoşunların idarəetmə orqanları, eləcə də birlik, birləşmə və hərbi hissələrin iştirakı ilə operativ-taktiki təlimlər keçirəcək. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Təlimlərə 25 min nəfərədək şəxsi heyət, 300-dən çox tank və zirehli döyüş maşını, 100-dən artıq raket və artilleriya qurğusu, 40-dək hərbi aviasiya və 30-dan çox hava hücumundan müdafiə sistemləri, Hərbi Dəniz Qüvvələrinin gəmi birləşməsi və Xüsusi Təyinatlı Qüvvələrin bölmələri cəlb olunacaq”, - deyə məlumatda deyilir.
Təlimlərin keçirilmə ərazisi olaraq cəbhəboyu zonada və Naxçıvan Muxtar Respublikasında yerləşən poliqonlar, eləcə də Xəzər dənizinin Azərbaycan sektoru müəyyən edilib.
“Bu təlimlərin əsas xüsusiyyəti güclü müdafiəyə malik şərti düşmən nəzərə alınmaqla əməliyyatların silahlanmada olan yeni texnoloji vasitələrin və silahların geniş tətbiqi ilə keçirilməsidir”, - deyə məlumatda qeyd olunur.
Nazirlikdən bildiriblər ki, təlimlərin əsas məqsədi birlik və birləşmə komandanlıqlarının qoşunların və döyüş sistemlərinin idarə edilməsi vərdişlərinin təkmilləşdirilməsindən, eləcə də ağır şəraitdə aparılan müasir ümumqoşun döyüşünün hərbi elementlərinin qarşılıqlı fəaliyyəti və döyüş uzlaşmasının səviyyəsinin artırılmasından ibarətdir.
“Təlimlər zamanı qoşunların yüksək döyüşə hazırolma səviyyəsinə gətirilmə qabiliyyəti, onların yenidən qruplaşması üzrə tədbirlərin keçirilməsi, həmçinin döyüş və maddi-texniki təminat məsələləri yoxlanılacaq. Təlimin mərhələlərindən birində döyüş atışları yerinə yetiriləcək”, - deyə məlumatda vurğulanır.
Qeyd olunur ki, təlimlər müdafiə naziri general-polkovnik Zakir Həsənov rəhbərliyi altında keçiriləcək.**
F.İsazadə