“Bank of Azerbaijan”, “Gəncəbank” və “Texnikabank”ın qorunan əmanətlərə malik olan əmanətçiləri ümumilikdə 143,603 mln. manat məbləğində kompensasiya alıblar. Bu barədə Əmanətlərin Sığortalanması Fondunun (ADIF) məlumatında bildirilir.
Xəbər verildiyi kimi, yanvarın 29-dan etibarən “Bank of Azerbaijan”da qorunan əmanətləri olan şəxslərə kompensasiya ödənişinə başlanılıb. Bu prosesdə agent bank rolunda “Muğanbank” və “Rabitəbank” çıxış edir.
“Yanvarın 29-dan sənədləri qaydasında olan əmanətçilər ümumilikdə 24,036 mln. manat məbləğində kompensasiya alıblar”,- deyə məlumatda qeyd edilir.
Bundan əlavə, fevralın 4-dən “Gəncəbank”ın əmanətçilərinə 871 min manat məbləğində kompensasiya ödənilib.
Fevralın 12-dən sənədləri qaydasında olan “Texnikabank” əmanətçiləri ümumilikdə 118,696 mln. manat məbləğində kompensasiya alıblar. Bu prosesdə agent bank rolunda “Muganbank”, “Rabitəbank”, “Kapital Bank” və “Unibank” çıxış edir.
Qorunan əmanəti olan əmanətçilərin əmanətlərinin 30 min manata qədər olan hissəsi kompensasiya edilir.
Azərbaycan Mərkəzi Bankı (AMB) yanvarın 18-də “Bank of Azerbaijan”ın, yanvarın 22-də “Gəncəbank” ASC-nin lisenziyasını ləğv edib. Bu qərar bankın məcmu kapitalın minimum məbləği tələbinə (50 mln. manat - İF-Az) əməl etməməsi, kreditorlar qarşısında öhdəliklərini icra edə bilməməsi, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etməməsi, kapitalın adekvatlıq əmsalının 3%-dən az olmasına görə qəbul edilib.
Fevralın 1-də Mərkəzi Bank “Texnikabank” ASC-nin lisenziyasını ləğv edib.
Yanvarın 22-də AMB “Gəncəbank” ASC-nin bank lisenziyasını ləğv edib
“Bank of Azerbaijan” 1993-cü ildən fəaliyyət göstərirdi. Son 3-4 ildə bank maliyyə çətinlikləri ilə üzləşmişdi.
“Gəncəbank” ASC 1994-cü ildə yaradılmışdı.
“Texnikabank” ASC 1994-cü ildə yaradılmışdı və respublikanın aparıcı banklarının onluğuna daxil idi.
ADIF 2006-cı il dekabrın 29-da qəbul olunmuş “Əmanətlərin sığortalanması haqqında” qanunun təsdiqlənməsi və qüvvəyə minməsinə dair” ölkə Prezidentinin 9 fevral tarixli fərmanı çərçivəsində yaradılıb. Fondun əsas məqsədi banklar iflasa uğradıqda və onların depozit qəbulu üzrə lisenziyası ləğv olunduqda bank yığımlarının əmanətçilərə qaytarılmasına zəmanət verməkdir. **
A.Əzizov