Rusiya şirkətlərinin Azərbaycan iqtisadiyyatına investisiyaları $3 mlrd.-a yaxın təşkil edib, Azərbaycan şirkətlərinin Rusiyaya investisiyaları isə $1 mlrd.-ı ötüb. Bu barədə iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bəyan edib.
“Azərbaycanda Rusiya kapitalı ilə fəaliyyət göstərən 600 şirkət respublika iqtisadiyyatına $3 mlrd.-a yaxın, Rusiyada fəaliyyət göstərən Azərbaycan şirkətləri isə o ölkəyə $1 mlrd.-dan artıq investisiya yatırıb”, - deyə N.Səfərov bazar ertəsi Bakıda keçirilən Azərbaycan-Rusiya biznes-forumunda bildirib.
Onun sözlərinə görə, 2015-ci il ərzində qarşılıqlı ticarət dövriyyəsi $1,9 mlrd., o cümlədən, Azərbaycana Rusiya idxalının həcmi $1,5 mlrd., Rusiyaya Azərbaycan idxalının həcmi isə $400 mln. təşkil edib. 2016-cı ilin yanvar-aprel ayları ərzində qarşılıqlı ticarət dövriyyəsinin həcmi $470 mln. təşkil edib. N.Səfərov vurğulayıb ki. Azərbaycan və Rusiya arasında ticari-iqtisadi münasibətlər dinamik inkişaf edir.
Nazir müavini əlavə edib ki, Azərbaycanda investorlar üçün zəruri şərait yaradılır, iqtisadi islahatların miqyası genişləndirilir, ölkə iqtisadiyyatına dünyada mövcud qeyri-sabit maliyyə və iqtisadi vəziyyətin təsirinin minimuma çatdırılması istiqamətində ciddi tədbirlər görülür.
Öz növbəsində, Yeni layihələrin irəli sürülməsi üzrə strateji təşəbbüslər Agentliyinin direktoru (АСИ) Andrey Nikitin qeyd edib ki, Azərbaycan və Rusiya müxtəlif istiqamətlər - iqtisadiyyat, energetika, siyasət və humanitar sahələrdə fəal əməkdaşlıq edir.
O həmçinin vurğulayıb ki, son illər ərzində Azərbaycanda sahibkarlıq fəaliyyətini tənzimləyən qayda və prosedurlar liberallaşdırılıb, sahibkarlığa dövlət tərəfindən maliyyə dəstəyinin göstərilməsi mexanizmləri təkmilləşdirilib, sahibkarların hüquqlarının müdafiəsi üzrə effektiv mexanizmlər yaradılıb, sahibkarlıq fəaliyyətinin dövlət qeydiyyatı üzrə prosedurlar sadələşdirilib. **
F.İsazadə