Azərbaycan Slovakiya ilə sənaye, ASK, tikinti, nəqliyyat, turizm sahələrində əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev bəyan edib.
Bazar ertəsi Ş.Mustafayev Slovakiyanın baş nazirinin müavini Peter Pelleqrini ilə görüşdə mövcud iqtisadi əlaqələr və əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə edib.Bu barədə nazirliyin məlumatında qeyd olunur.
Ş.Mustafayev bildirib ki, iki ölkə arasında enerji, ticarət, investisiya qoyuluşu sahələrində əməkdaşlıq qurulub. Hazırda Azərbaycanda 10 Slovakiya kapitallı şirkət uğurla fəaliyyət göstərir.
“Ş.Mustafayev Slovakiya şirkətlərini sənaye, aqrar, tikinti, nəqliyyat, turizm və s. sahələrə, xüsusilə özəl sektorda reallaşdırılan layihələrə investisiya yatırmağa dəvət edib. Nazir qeyd edib ki, şirkətlər Azərbaycanda yaradılmış sənaye parklarında investorlar üçün yaradılmış əlverişli imkanlardan da yararlana bilərlər”, - deyə məlumatda qeyd olunur.
P.Pelleqrini ikitərəfli əlaqələrin daha da genişlənməsi üçün ölkələrimizin potensialını vurğulayıb. **
N.Abbasova