Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən 1,465 min adda kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alıb. Bu barədə Komitənin sədri Mübariz Qurbanlı bəyan edib.
“2001-2015-ci illərdə Komitənin Dinşünaslıq ekspertizası Azərbaycanda dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən 1,465 min adda kitabın ölkəyə idxalının və yayılmasının qarşısını alıb”, - deyə M.Qurbanlının “Azərbaycan” qəzetində dərc olunan məqaləsində deyilir.
Müəllif qeyd edir ki, bu dövrdə 14488 adda dini təyinatlı ədəbiyyat ekspertizaya təqdim olunub. M.Qurbanlı bildirib ki, ekspertizaya təqdim olunmuş 1541 adda dini ədəbiyyata baxılıb. “Onlardan 95-nin çapı məqsədəuyğun sayılmayıb”, - deyə Komitə sədri vurğulayıb.
Bununla yanaşı, Dinşünaslıq ekspertizasına göndərilmiş 1953 adda dini ədəbiyyata, audio və video materiallara və başqa məlumat materiallarına baxılıb, onlardan 686 adda dini ədəbiyyatın zərərli, yaxud müvafiq razılıq alınmadan idxal və istehsal edildiyi müəyyən olunub.
“Əvvəlki illərin statistikasının təhlili son vaxtlar ölkəyə zərərli dini ədəbiyyatın idxalının və yayılmasının azaldığını göstərir”, - deyə M.Qurbanlı qeyd edib. **
F.İsazadə