ATƏT-in Minsk qrupunun həmsədr-ölkələri ciddi cəhdlə Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli nizamlanmasında maraqlı olduqlarına dair görüntü yaradırlar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Sosial-Demokrat partiyasının sədri, Milli Məclisin deputatı Araz Əlizadə bəyan edib.
“Məsələ bundadır ki, hər kəs sülhə nail olmağa cəhdini nümayiş etdirmək istəyir. Bəs Minsk qrupu nə üçündür? Dünyanın bu problemi həll etməyə çalışdığını göstərmək üçün. Əslində isə onlar mümkün olduğu qədər status-kvonun qorunub saxlanmasını istəyirlər. Bu səbəbdən, ümid edirlər ki, bir zamanlar onların bu münaqişəni Ermənistanın xeyrinə həll etmək şansları olacaq”, - deyə A.Əlizadə bazar ertəsi Sankt-Peterburqda Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına dair danışıqlar prosesi çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin üçtərəfli görüşünü şərh edərkən bildirib.
Onun sözlərinə görə. bu, bir çox halda, ATƏT-in Minsk qrupunun həmsədr-ölkələrində çoxsaylı erməni diasporunun yaşaması ilə əlaqədardır. “Həm Ermənistan, həm Fransa, həm də Rusiyada çoxsaylı erməni diasporu var. Misal üçün, hazırda amerikalılar necə bu problemin həlli ilə məşğul ola bilərlər ki, 1,5 mln. erməni seçiciləri var və bu yaxınlarda orada prezident seçkiləri keçiriləcək. Demək, ABŞ istisna edilir. Payızda Fransada da seçkilər olacaq. Fransa da istisna olunur, çünki orada seçicilərin təxminən 15%-i ermənilərdir”, - deyə A.Əlizadə qeyd edib.
Partiya sədri vurğulayıb ki, Sankt-Peterburqda prezidentlərin görüşündən heç bir gözləntisi olmayıb.
“Bu görüşdən ümumiyyətlə heç bir gözləntim olmayıb. Bu, növbəti, heç bir məsələni həll etməyən görüşdür. Bircə şeyi anlamaq lazımdır. S.Sarqsyan Qarabağ probleminin ədalətli həllinə razı olduğunu bəyan etdiyi gün erməni xalqı onu siyasi arenadan siləcək. Hətta o bu cür sənəd imzalasa belə, onu rellaşdırmağa müvəffəq olmayacaq. Çünki o Qarabağ müharibəsi dalğası ilə siyasətə, hakimiyyətə gəlib”, - deyə A.Əlizadə qeyd edib. **
R.Babayev