Xəzər dənizinin Su Bioresursları Komissiyası nərəcinsli balıqların kommersiya ovuna moratoiumun tətbiq edilməsi mexanizmini işləyib hazırlayacaq. Bu barədə Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev məlumat verib.
"Komissiyanın statusu dəyişir (idarələrarası komissiyadan hökumətlərarası komissiyaya). Yəni burada təkcə balıq təsərrüfatı strukturları deyil, digər dövlət strukturları da təmsil olunacaq, bu, həm də sərhəd xidmətləridir ki, onların qarşılıqlı əməkdaşlığı Xəzər dənizinin bioresurslarının qorunub saxlanması üçün mühüm əhəmiyyət kəsb edir", - deyə o, komissiyanın Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın dövlət balıq təsərrüfatı idarələrinin nümayəndələrinin iştirakı ilə keçirilən 36-cı iclasının kuluarlarında jurnalistlərə bildirib.
R.Hacıyev qeyd edib ki, nərəcinsli və digər balıq növləri bütün Xəzəryanı ölkələrin sərvətidir və onların mühafizəsi, çoxaldılması sahəsində birgə səylər göstərilməlidir.
Bununla yanaşı, o deyib ki, bu gün Xəzər dənizində nərəcinsli balıqlarla bağlı vəziyyət çox ağırdır.
"Xəzəryanı ölkələrin üçüncü sammitində Qazaxıstan prezidenti Nursultan Nazarbayev bütün ölkələrin nərəcinsli balıqların kommersiya ovuna moratorium tətbiq etməsi təklifi ilə çıxış etdi. Yeni komissiya bu moratoiumun mexanizmini işləyib hazırlayacaq. Düşünürəm ki, bütün Xəzəryanı ölkələr bu moratoiumu imzalayacaq”, - deyə nazir müavini əlavə edib.*