Bu gün Azərbaycan prezidenti İlham Əliyev Sabunçu rayonu ərazisində əsaslı şəkildə yenidən qurulan Maştağa-Bilgəh yolunun, həmçinin Nardaran qəsəbəsində Abşeron və Nəsrulla Əsgərov küçələrinin açılışında iştirak edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov prezidentə Sabunçu rayonu ərazisində həyata keçirilən yol-tikinti işləri barədə məlumat verdi.
Maştağa-Bilgəh avtomobil yolu 63 min nəfər əhalinin yaşadığı 3 qəsəbəni birləşdirir. Uzunluğu 9 kilometr olan bu yolun hərəkət hissəsinin eni əvvəllər 7 metr idi. Tikinti işləri zamanı yolun eni 9,5 metrə qədər genişləndirilib.
İ.Əliyevə Nardaran qəsəbəsindəki Abşeron və Nəsrulla Əsgərov küçələrinin yenidən qurulması layihəsi və hazırda inşası davam etdirilən Ramana-Maştağa avtomobil yolu ilə bağlı da məlumat verildi. Ramana-Maştağa yolunun uzunluğu 11 min 500 metrdir. Yolun hazırda eni 6-7 metrdir. Genişləndirildikdən sonra yolun eni 8-9 metrə çatdırılacaq.
O cümlədən, prezident Nardarandakı “Rəhimə Xanım” məscid-ziyarətgah kompleksi ilə tanış olub.
Sonra İ.Əliyev Nardaran qəsəbəsinin sakinləri ilə görüşüb və çıxış edib. **
R.Babayev