Azərbaycan və Pakistan hökumətləri energetika və neft-qaz hasilatı sahəsində əməkdaşlığın genişləndirilməsinə dair razılığa gəlib. Bu barədə Pakistanın “The tribune” internet nəşri məlumat verir.
“Aparılan danışıqların yekununda tərəflər elektrik enerjisi, xam neft və neft məhsulları, maye neft qaz və maye təbii qazın tədarükü daxil olmaqla, müxtəlif sahələrdə əməkdaşlığa dair hökumətlərarası sazişlərin imzalanması barədə razılığa gəliblər”, - deyə nəşr qeyd edir.
Bundan başqa, tərəflər energetika sahəsində əməkdaşlıq imkanlarını öyrənməyə razılıq veriblər.
Xüsusilə, Azərbaycan şirkətlərinin su, külək, günəş və bionenerji üzrə kiçik layihələrin inkişafında iştirakına dair Azərbaycan hökuməti və Pakistanın Alternativ enerjinin inkişafı Şurası və Su ehtiyyatları və energetika Nazirliyi arasında danışıqların aparılmasına dair razılıq əldə olunub.
O cümlədən, tərəflər SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) və “Pakistan State Oil” şirkəti arasında danışıqlara yardım və sonradan qarşılıqlı anlaşma memorandumunun imzalanmasına dair razılığa gəliblər.
Həmçinin, neft və qaz sahəsində birgə tədqiqatların aparılması, neft və qazın kəşfiyyatı və hasilatı sahəsində elmi-texniki işləmələrin mübadiləsi, neft sənayesi üçün mütəxəssislərin hazırlanmasına dair razılıq əldə edilib.
“Tərəflər işçi qrupu yaratmaq və Azərbaycan və Pakistanda neft və qazın kəşfiyyatı və hasilatı üzrə birgə layihələrin reallaşdırılması imkanlarını qiymətləndirməyi qərara alıblar”, - deyə nəşr qeyd edir. **
N.Abbasova