Paris 20 iyun tarixində Sankt-Peterburqda keçirilən Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarqsyanın görüşünün yekunlarını alqışlayır. Bu barədə Fransanın Bakıdakı səfirliyi bəyan edir.
“Fransa, ATƏT-in Minsk qrupunun həmsədri qismində 20 iyun tarixində Sankt-Peterburqda keçirilən görüşün yekunlarını alqışlayır. Bu görüş İ.Əliyev və S.Sarqsyana 16 may tarixində Vyanada Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair start verilən dialoqu davam etdirmək imkanı verdi”, - deyə səfirliyin bəyanatında deyilir.
Sənəddə qeyd edilir ki, münaqişənin sülh yolu ilə həlli yalnız “Bakı və İravan arasında davamlı və açıq dialoq vasitəsilə əldə oluna bilər”.
“Minsk qrupunun həmsədrləri münaqişə tərəfləri arasında vasitəçilər qismində vəzifələrinin icarsını davam etdirəcək, etimadın möhkəmlənməsinə dair tədbrlərin həyata keçirilməsi və hərtərəfli sazişin imzalanması və münaqişənin sülh yolu ilə nizamlanmasına öz töhfələrini verəcəklər”, - deyə səfirlik qeyd edir.
Bəyanatda vurğulanır ki, Fransa artıq Azərbaycan və Ermənistan prezidentləri arasında yeni görüşün təşkilinə hazırlıq ifadə edib. **
F.İsazadə