2016-cı ilin yanvar-aprel aylarında Azərbaycana 498,6 min ton buğda idxal edilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 32,9% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Məlumata əsasən, respublikaya idxal olunmuş buğdanın ümumi dəyəri $93 mln. 415,6 min (azalma 46,4%) təşkil edib.
Hesabat dövründə Azərbaycana $43 mln. 549,4 min dəyərində 103,3 min ton şəkər xammalı və şəkər (artım 33,9%), $37 mln. 797,1 min dəyərində 46 min 32,3 min ton bitki yağı (artım 17,1%), $11 mln. 392,8 min dəyərində 3 min 405,3 ton çay (artım 2,1 dəfə), $19 mln. 669,7 min dəyərində 5 min 479,9 ton kərə yağı və süd (artım 32%) idxal edilib.
Yanvar-aprel aylarında respublikaya $22 mln. 818,9 min dəyərində 27 min 840,2 ton (azalma 5,8%) meyvə, $10 mln. 224 min dəyərində 29 min 142,8 ton tərəvəz (artım 92%), $19 mln. 383,4 min dəyərində 103,9 min ton kartof (artım 56,9%) idxal edilib.
Həmçinin hesabat dövründə Azərbaycana $3 mln. 780,8 min dəyərində 1 min 416,9 ton mal əti (azalma 45%), $3 mln. 534,7 min dəyərində 4 min 590,3 ton quş əti və digər ət məmulatları (artım 2,6 dəfə) gətirilib.
Yanvar-aprel aylarında ölkədən $30 mln. 498,7 min dəyərində (artım 5,2 dəfə) 28 min 304,5 ton tərəvəz (artım 5,3 dəfə), $36 mln. 381,2 min dəyərində (artım 1,1%) 20 min 487,5 ton meyvə (azalma 15,4%), $2 mln. dəyərində (artım 25,6%) 4 min 212,9 ton kartof (artım 58,4%), $2 mln. 296,3 min dəyərində (azalma 61%) 418,6 ton çay (azalma 66,8%) ixrac edilib.
Bundan başqa, qeyd olunan dövrdə Azərbaycandan $12 mln. 689,9 min dəyərində (azalma 76,6%) 21,408 min ton şəkər (azalma 57,9%), $2 mln. 902,7 min dəyərində (azalma 23,1%) 2 min 732,1 ton bitki yağı (azalma 61,9%) ixrac edilib.*
N.Abbasova