2016-cı ildə Türkiyənin “Petkim Holding” neft-kimya kompleksinin inkişafa yönələn layihələrə investisiyaları $100 mln. təşkil edəcək. Bu barədə Türkiyə mətbuatı holdinqin rəhbəri Sadəddin Qorquda istinadən məlumat verir.
“Hər il “Petkim” kompleksinin qücünün və enerji effektivliyinin artırılmasına yönələn layihələrə, o cümlədən ümumi xərclərin azaldılmasına ən azı $100 mln. vəsait yatırırıq. 2015-ci ildə bu məqsədlərə investisiyalar $125 mln. təşkil edib. 2016-cı ilə $100 mln. həcmində sərmayə qoyuluşu planlaşdırılır”, - deyə S.Qorqud bəyan edib.
Həmçinin, S.Qorqud məlumat verib ki, 2016-cı ilin sonuna kimi Petkim yarımadasında 51 MVt gücündə külək elektrik stansiyanın tikintisi başa çatdırılacaq. “Petkim” kompleksinin elektrik enerjisi istehsalının ümumi gücünü 20% artıracaq stansiyada quraşdırılma işləri aparılır. Enerji obyektinin 2016-cı ilin sonunda istismara verilməsi planlaşdırılır”, - deyə S.Qorqud qeyd edib.
Bu layihənin dəyəri 54 mln. avro təşkil edir.
Bundan başqa, holdinqin rəhbərinin sözlərinə görə, yaxın zamanda “Petlim” konteyner terminalı personalın tədrisi başa çatdıqdan sonra gəmilərin qəbuluna başlayacaq. “İkinci yarımillikdə Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə limanın rəsmi açılış mərasimi planlaşdırılır”, - deyə o vurğulayıb.
Xəbər verildiyi kimi, SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) Türkiyədə “Petkim Petrokimya Holding” neft-kimya kompleksinin nəzarət paketinin (56-57%) sahibidir. **
N.Abbasova