Azərbaycan və Avropa İttifaqı (Aİ) iyulun 19-23-də Cenevrədə respublikanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olması istiqamətində danışıqların növbəti raundunu keçirməyi planlaşdırır. Bu barədə jurnalistlərə xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev məlumat verib.
"İyulun 19-dan 23-dək Cenevrədə Aİ ilə Azərbaycanın ÜTT-yə üzv olması istiqamətində danışıqlar aparmağı planlaşdırırıq", - deyə nazir müavini bildirib.
Onun sözlərinə görə, bu müddətdə həmçinin daxili kənd təsərrüfatının dəstəklənməsi ilə bağlı çoxtərəfli görüşlər olacaq, təşkilat üzvləri ilə ikitərəfli danışıqlar aparılacaq. “Biz artıq Rusiya, Səudiyyə Ərəbistanı və Norveçdən təklif almışıq. Ola bilsin ki, danışıqlar aparmaq istəyən ölkələr yenə olacaq”, - deyə M.Məmmədquliyev qeyd edib.
O, Azərbaycanın mütləq ÜTT-yə üzv olacağına əminlik ifadə edib.*
F.İsazadə