Azərbaycan Green Card beynəlxalq sistemində Rusiya ilə fəaliyyətə başlayır. Bu barədə cümə axşamı İcbari Sığorta Bürosunun (İSB) icraçı direktoru Elxan Quliyev jurnalistlərə bildirib.
“Rusiya Avtomobil Sığortaçıları İttifaqının “Yaşıl Kart” Bürosunun rəhbərliyi Bakıdadır və VII
Azərbaycan Beynəlxalq Sığorta Forumunda iştirak edir. Bu gün və ya sabah sənədlərin qarşılıqlı tanınmasına dair müqavilə imzalayacağıq”, - deyə E.Quliyev “İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin sualına cavabında bildirib.
Onun sözlərinə görə, ötən həftə Rusiya tərəfi ikitərəfli müqaviləni imzalamağa hazır olduğunu təsdiq edib. “İndiyədək müəyyən problemlər olub. Azərbaycanın işğal olunan ərazilərində polislərin qüvvədə olması ilə bağlı danışıqlar altı aydan artıq davam edib. İndi bu məsələlər öz həllini tapıb”, - deyə E.Quliyev bildirib.
Xəbər verildiyi kimi, 1 yanvar 2016-cı il tarixindən Azərbaycan Green Card sisteminə üzv olan ölkələrin Cənub-Şərq Qrupuna daxil olacaq. Tranzit üzvlük 10 il müddətinə nəzərdə tutulur. Azərbaycanı Green Card-da İcbari Sığorta Bürosu (İSB) təmsil edəcək.
Green Card avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası şəhadətnaməsinin bu sistemin iştirakçıları olan ölkələr arasında qarşılıqlı tanınması haqqında sazişdir.
1949-cu ildə Londonda avtomobil sığortaçılarının beynəlxalq konfransında BMT-nin İqtisadi və Sosial Şurasının tövsiyələri qəbul edilib və rəsmi olaraq mənzil-qərargahı Londonda yerləşən Büro Şurasının əsası qoyulub. 1951-ci ildə Büro Şurasının birinci rəsmi toplantısı baş tutub.
Toplantıda sistemə üzv ölkələrin milli büroları arasında sazişin modeli razılaşdırılıb və Yaşıl Kart-lar üçün vahid standartlar qəbul edilib. Yaşıl Kart-a dair saziş 1953-cü il yanvarın 1-dən qüvvəyə minib. Sazişə əsasən, üzv ölkələrin hər biri tərəfindən verilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığorta şəhadətnaməsi həmin sazişin iştirakçısı olan digər dövlətlərin ərazisində etibarlı sayılır.
İcbari Sığorta Bürosu “İcbari sığortalar haqqında” qanun çərçivəsində yaradılıb. **
A.Axundov