Avropa İttifaqı (Aİ) aviasiya sahəsində əməkdaşlığa dair Azərbaycanla saziş imzalamağa hazırdır. Bu barədə Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard bəyan edib.
“Bu yaxınlarda Azərbaycan ABŞ ilə aviasiya sahəsində saziş imzalayıb. Biz bu bu cür sənəd imzalamağa hazırııq. Bu, Avropanın aviaşirkətlərinin Azərbaycanda fəaliyyətini asanlaşdıracaq”, - deyə M.Mard cümə axşamı jurnalistlərə bildirib.
Onun sözlərinə görə, bu saziş həm Azərbaycana, həm də Aİ-yə aviasiya sahəsində rəqabətliliyin artması baxımından səmərəli olacaq.
Öz növbəsində, xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev jurnalistlərə məlumat verib ki, hazırda tərəflər arasında bu istiqamətdə məsləhətləşmələr gedir.
“Biz bəzi təkliflər irəli sürmüşük. Aİ buna baxmalıdır, sonra həm bununla, həm də danışıqların nə zaman başlayacağı ilə bağlı fikrini bildirməlidir. Sazişin məqsədi Aİ ölkələri ilə Azərbaycan arasında aviasiya əlaqələrinin inkişafıdır. Söhbət həm sərnişin, həm də yük daşımalarından gedir”, - deyə o əlavə edib. **
F.İsazadə