Almaniyanın xarici işlər anziri, ATƏT-in fəaliyyətdə olan sədri Frank-Valter Ştanmayer Dağlıq Qarabağ münaqişəsi regionuna səfər etməyi planlaşdırır. Bu barədə ATƏT-in mətbuat xidməti məlumat verib.
Cümə axşamı Frank-Valter Ştanmayer Berlində ATƏT-in Minsk qrupunun rusiyalı və fransalı həmsədrləri İqor Popov və Pyero Andriye, həmçinin şəxsi nümayəndəsi Anjey Kasprşikla görüşüb.
“İnterfaks”a verilən məlumatda deyilir ki, görüşün məqsədi “Frank-Valter Ştanmayerin regiona səfəri nəzərə alınmaqla, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yönələn gələcək addımların əlaqələndirilməsindən ibarətdir”.
Həmsədrlər fəaliyyətdə olan sədrə iyunun 20-də Sankt-Peterburqda Rusiya, Ermənistan və Azərbaycan prezidentlərinin görüşünün yekunları və münaqişə zonasında vəziyyəti stabilləşdirmək və sülh prosesini təşviq edən əlverişli vəziyyətin yaradılması məqsədilə, beynəlxalq müşahidəçilərin sayının artırılmasına dair əldə olunan razılıq barədə məlumatlandırıblar.
“Ştanmayer atəşkəs rejiminin qorunub saxlanmasında bu yaxınlarda müsbət irəliləyişləri alqışlayıb”, - deyə məlumatda qeyd edilir.
ATƏT-in fəaliyyətdə olan sədri həmçinin Minsk qrupunun səylərini dəstəkləyib və bu münaqişənin həlli üzərində fəal çalışmağa davam edəcəyini bəyan edib. **