Fransanın TOTAL şirkəti 2016-cı ilin sonuna qədər “Abşeron” dəniz yatağının kəşfiyyat və işlənmə layihəsinin inkişaf proqramını təsdiq olunmaq üçün SOCAR-a (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) təqdim edəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-dan məlumat verilib. Layihə üzrə yekun investisiya qərarının (FID) qəbul tarixi dəyişməyib. Bu proses hələ də 2017-ci ilə planlaşdırılıb”, - deyə ARDNŞ-dan qeyd ediblər.
SOCAR-ın məlumatına görə, TOTAL yataqda qazma işlərinə 2018-ci, yataqdan ilk qazın hasilatına 2022-ci ildə başlamağı planlaşdırır.
“Layihəyə əsasən, yatağın dərinsulu hissəsində 4 quyunun qazılması, 20 km məsafədə, dayazsulu hissədə platformanın quraşdırılması nəzərdə tutulur. Həmçinin, şirkət qaz, qaz kondensatı və lay sularının nəqli üçün platformadan sahilə qədər 126 km uzunluqda (119 km dənizdə və 7 km quruda) 3 boru kəmərinin tikintisini planlaşdırır”, - deyə SOCAR-dan bildiriblər.
Bundan başqa, layihədə platformadan Səngəçal terminalına qədər elektrik ötürücü və rabitə fibro-optik xəttlərin inşası nəzərdə tutulur.
Şirkətdə qeyd ediblər ki, TOTAL hazırda Azərbaycanda inşa olunan yeni yarımdalma qazma qurğusunun yataqda özünün gələcək qazma işlərində istifadəsinə ümid edir.
“Abşeron” yatağından hasil olunacaq qaz və kondensat SOCAR üçün həm “Cənub Qaz Dəhlizi” ilə bu qazın nəqli, həm də OPGS kompleksin qaz emalı zavodunda emal üçün xammal kimi istifadə qismində böyük əhəmiyyət kəsb edir”, - deyə şirkətdən vurğulayıblar.
“Abşeron” dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair saziş 2009-cu il fevralın 27-də imzalanıb. Hazırda layihənin iştirakçıları SOCAR (40%), TOTAL (40%-operator) və “GDF Suez” (20%) şirkətləridir. Müqavilə 30 il müddətinə bağlanıb. Müqavilə sahəsi 747 kv. km-dir.
2011-ci ilin sentyabrında TOTAL-ın ilk kəşfiyyat quyusunda qazma işlərinin nəticələri “Abşeron” yatağında böyük həcmdə qaz ehtiyatlarının olmasını (350 mlrd. kubmetr qaz və 45 mln. ton kondensat) təsdiqləyib.
“Abşeron” bloku Bakıdan 100 km məsafədə, dənizin 500 metr dərinliyində yerləşir. **
N.Abbasova