Azərbaycana gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə elektron vizaların verilməsi qaydası qüvvəyə minib.
Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanunu təsdiq edib.
Düzəlişlərin mətni cümə günü dövlət başçısınn saytında dərc olunub.
Qaydaya əsasən Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər “ASAN Viza” sistemi vasitəsilə elektron viza ala bilərlər. Elektron qaydada verilən birdəfəlik vizada ölkədə qalma müddəti 30 günədək müəyyən edilir.
Təsdiq olunan düzəlişlərə əsasən, müvafiq icra hakimiyyəti orqanı müraciətin “ASAN Viza” sisteminə daxil olduğu vaxtdan ən geci 3 iş günü keçənədək məlumatları yoxlayır. Elektron vizanın verilməsi barədə müraciətə bu nəzərdə tutulmuş müddətdə və qaydada baxılır, viza rəsmiləşdirilərək “ASAN Viza” sistemi vasitəsilə müraciət etmiş şəxsin elektron poçt ünvanına göndərilir və ya viza verilməsindən imtina edildikdə bu barədə məlumat verilir. **
R.Babayev