Vaşinqton Bakını, o cümlədən terrorçuluqla mübarizədə mühüm tərəfdaş hesab edir. Bu barədə
ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Bricet Brinks cümə günü Bakıda keçirilən brifinqdə bəyan edib.
“Azərbaycan vacib tərəfdaşdır. Terrorçuluqla uğurlu mübarizənin davam etdirilməsi və energetika sahəsində Azərbaycanla işləyirik”, - deyə B.Brinks bildirib.
Onun sözlərinə görə, Bakıya səfərinin məqsədi “bir daha Azərbaycanla ABŞ arasında təhlükəsizlik, iqtisadiyyat, energetika və insan haqqları sahəsində əməkdaşlığın təmas nöqtələrini müzakirə etmək” cəhdi olub.
O həmçinin əlavə edib ki, ABŞ bu yaxınlarda Azərbaycan prezidentinin imzaladığı amnistiya aktını alqışlayır.
B.Brinks “Yeni İpək yolu” nəqliyyat layihəsinin əhəmiyyətini qeyd edib. “Beləliklə, Azərbaycan yüklərin daşınması mərkəzinə çevrilir. Bu, ölkənin iqtisadi təhlükəsizliyi və inkişafının mühüm hissəsidir”, - deyə o əlavə edib.
“Bütövlükdə, mən Azərbaycana səfərimi müsbət və konstruktiv qiymətləndirirəm”, - deyə o vurğulayıb.
B.Brinks bildirib ki, ABŞ “postsovet ölkələri qarşısında öhdəliklərinə sadiqdir, regionda stabillik və rifahı dəstəkləyir”. **
F.İsazadə