Nazirlər Kabineti “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı tərəfindən “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətindən (ABB) alınmış problemli aktivlərin əvəzində mövcud qanunvericiliyə uyğun olaraq əldə edilmiş və rəsmiləşdirilmiş əmlakların satılması və kənar idarəçilərə idarəetməyə verilməsi üzrə Müsabiqə Komissiyası yaradıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Nazirlər Kabinetindən məlumat verilib.
Komissiyanın sədri maliyyə nazirinin müavini Azər Bayramov təyin edilib.
İqtisadiyyat Nazirliyinin Mənzil-kommunal şöbəsinin müdir müavini Bayram Rzayev, Kənd Təsərrüfatı Nazirliyinin Maliyyə və mühasibat uçotu şöbəsi müdirinin müavini, daxili audit sektorunun müdiri Mehman Səfərov, Əmlak Məsələləri Dövlət Komitəsinin Dövlət əmlakının
özəlləşdirilməsi və icarəyə verilməsi şöbəsinin böyük məsləhətçisi Tehran Mehdiyev, “Aqrarkredit” QSC-nin İdarə Heyəti sədrinin müavini. Cahangir Kərimov komissiyanın üzvləri təyin ediliblər.
Nazirlər Kabinetinin qərarına əsasən komissiya satılmasına dair qərar qəbul edilmiş hər bir əmlak üzrə seçilmiş nüfuzlu müstəqil qiymətləndiricinin rəyi nəzərə alınmaqla, ilkin satış qiyməti; əmlakların satılması və ya kənar idarəçilərə idarəetməyə verilməsi barədə müvafiq qərar qəbul etməli; əmlakların kənar idarəçilərə idarəetməyə verilməsinin üsullarını (birbaşa müqavilə və ya müsabiqə əsasında), şərtlərini, tələblərini və müddətini müəyyən etməlidir.
“Aqrarkredit”ə əmlakların satılması və kənar idarəçilərə idarəetməyə verilməsi məqsədi ilə hazırlıq işləri aparmaq, həmin əmlakın qiymətləndirilməsi və satışı üçün müstəqil qiymətləndirici, ekspert, əmlakın növündən və mürəkkəbliyindən asılı olaraq isə kənar məsləhətçi cəlb edilməsi ilə bağlı tədbirlər həyata keçirmək, hər bir əmlakın satışı üzrə tələb olunan məlumatları, o cümlədən əmlakın tərkibi, vəziyyəti, texniki parametrləri və ilkin satış qiymətinin formalaşmasına dair digər əsaslandırılmış göstəriciləri Müsabiqə Komissiyasına təqdim etmək tapşırılıb.
Müsabiqə Komissiyasına ildə 1 dəfə görülmüş işlər barədə Nazirlər Kabinetinə hesabat təqdim etmək tapşırılıb.*