2016-cı il yanvarın 1-nə Azərbaycanda tədavüldə olan nağd pulların həcmi (bankların kassasında olan pul vəsaitləri və bank sistemindən kənarda olan pul vəsaitləri daxil olmaqla) 5 mlrd. 405,2 mln. manat təşkil edib ki, bu da 2015-ci ilin əvvəlinə olan göstəricidən 2 dəfə azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan məlumat verilib.
“2015-ci ilin sonuna tədavüldə olan nağd pulların həcmi 2014-cü ilin sonuna 10 mlrd. 834,5 mln. manata qarşı 5 mlrd. 405,2 mln. manat təşkil edib”, - deyə AMB-dan qeyd ediblər.
AMB-nin məlumatına əsasən, 2016-cı ilin əvvəlinə respublikada 435,8 mln. ədəd pul nişanı (azalma 15%) mövcuddur ki, bunun 36,4%-ni əskinaslar, 63,6%-ni metal pullar təşkil edir.
Ümumilikdə tədavüldə olan nağd pulların 99,1%-i kağız pullar, 0,9%-i sikkələrdir.
Cari ilin əvvəlinə tədavüldə olan kağız pulların həcmi 5 mlrd. 359,1 mln. manat (azalma 2 dəfə) və ya 158,7 mln. ədəd əskinas təşkil edir (azalma 34,1%). Ən çox yayılan əskinaslar bunlardır: 100 manat - 34,1 mln. ədəd (2014-cü il ərzində azalma 2,1 dəfə), 1 manat - 51,5 mln. ədəd, 50 manat - 27,3 mln. ədəd (azalma 2 dəfə), 20 manat - 16,6 mln. ədəd. Bundan başqa, tədavüldə 19 mln. ədəd 5 manatlıq və 10,2 mln. ədəd 10 manatlıq əskinas var.
Ən populyar pul vahidləri 20 manatlıq əskinaslar və 50 qəpiklik sikkələrdir. Onların tədavüldə olan həcmi 46.1 mln. manat təşkil edir.
AMB 2015-ci ildə tədavüldə 5,868 min manat məbləğində 362 ədəd saxta pul nişanı aşkarlayıb. **
A.Əzizov