Almaniya ATƏT-də sədrliyi dövründə Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasına müəyyən töhfə verə bilər. Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov belə hesab edir.
“Almaniya münaqişənin nizamlanmasına müəyyən töhfə verə bilər. Lakin, alman və Avropa siyasətçilərinin Brexit, miqrantlar problemi və borclarla bağlı bugünkü fikirlərini nəzərə alaraq, Berlinin fəallığı ilə əlaqədar xüsusi gözləntilər və xəyallar qurmağa dəyməz”, - deyə R.Musabəyov “İnterfaks-Azərbaycan” agentliyinə iyunun 30-da Almaniyanın XİN başçısı Frank-Valter Ştanmayerin Bakıya gözlənilən səfərini şərh edərkən bildirib.
Onun sözlərinə görə, ATƏT-in fəaliyyətdə olan sədrinin regiona səfərindən qeyri-adi nə isə axtarmağa dəyməz. “Çünki ATƏT-in fəaliyyətdə olan sədrləri fəaliyyətləri dövründə regiona səfər ediblər. Səbəb ondan ibarətdir ki, Qarabağ münaqişəsi praktiki olaraq yeganə münaqişədir ki, nizamlanması bu beynəlxalq təşkilatın himayəsi altında həyata keçirilir. Axı Minsk qrupu ATƏT-in bölməsidir”, - deyə R.Musabəyov bəyan edib.
Politoloq əlavə edib ki, Almaniya XİN başçısı həmçinin 2007-ci ildə bu ölkənin sədrliyi dövründə regiona səfər edib. “Ancaq, necə deyərlər, bu səfərin yekununda nizamlanma prosesində böyük irəliləyiş müşahidə olunmayıb. İstənilən halda, bu səfərin baş tutması düzgün addımdır. O cümlədən, Almaniyanın Minsk qrupunun üzvü olması, ATƏT-də sədrlik etməsi və Avropa İttifaqında ən nüfuzlu və güclü dövlət olduğu nəzərə alınarsa”, - deyə R.Musabəyov vurğulayıb. **
R.Babayev