SOCAR şirkətinin (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) yerli banklar qarşısında borcu 1,095 mlrd. manat təşkil edir. Bu barədə çərşənbə axşamı SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov yerli qeyri-hökumət təşkilatları qarşısında çıxışında bəyan edib.
“SOCAR-ın banklar qarşısında birləşdirilmiş borcu $6,3 mlrd. və ya 9,4 mlrd. manat təşkil edir. Bununla belə, şirkətin Azərbaycan bankları qarşısında borcunun həcmi 1,095 mlrd. manatdır”, - deyə o bildirib.
Şirkətin vitse-prezidenti məlumat verib ki, 2015-ci ildə şirkət H.Əliyev adına Bakı neft emalı zavodunun (BNEZ) modernləşdirilməsinə 1,2 mlrd. manat və “Bulla-Dəniz”, “Ümid”, “Günəşli” yatağlarında qaz quyularının qazılmasına 600 mln. manat məbləğində Azərbaycan Beynəlxalq Bankdan kredit cəlb etməyə daiz razılıq əldə edib.
“Bu vəsait 5 il ərzində tranşlar vasitəsilə əldə olunacaq. 2015-ci ildə BNEZ-nin bərpasına 69 mln. manat, quyuların qazılmasına 200 mln. manat məbləğində tranş əldə etmişik”, - deyə o qeyd edib.
S.Qasımov əlavə edib ki, 2015-cı ilin yekunları üzrə SOCAR-ın aktivləri 39,9 mlrd. manat təşkil edib, bu da 2008-ci ilin göstəricisindən 3,1 dəfə çoxdur.
Onun sözlərinə görə, ötən il ərzində şirkətin gəlirləri 2014-cü illə müqayisədə 18% azalıb və 33 mlrd. manat təşkil edib. “Gəlirlərin əsas həcmi neft və neft məhsullarının satışı üzrə “SOCAR Tradinq”dən əldə olunub. Dünyada neftin qiymətinin ucuzlaşması şirkətin gəlirlərinin azalmasına səbəb olub”, - deyə o vurğulayıb. **
N.Abbasova