Milli Məclisin vitse-spikeri Bahar Muradovanın başçılığı ilə Azərbaycanın nümayəndə heyəti Tbilisidə ATƏT Parlament Assambleyasının 25-ci yay sessiyasında iştirak edəcək. Bu barədə parlamentin mətbuat xidməti məlumat verib.
Milli Məclisin vitse-spikeri B.Muradovanın başçılığı ilə Azərbaycanın nümayəndə heyəti 29 iyun - 6 iyul tarixlərində ATƏT Parlament Assambleyasının 25-ci yay sessiyasında iştirak etmək üçün Tbilisiyə səfərə yola düşəcək”, - deyə məlumatda qeyd olunur.
Nümayəndə heyətinə deputatlar Azay Quliyev, Ülviyyə Ağayeva, Kamran Nəbizadə , Elşad Həsənov və Tahir Mirkişili daxildir.
“Qurumun yay sessiyasında Avropanın təhlükəsizliyi, miqrantlar və qaçqınlarla bağlı böhranda gender problemlərinin təhlili, qaçqınların hüquqları, zorakılıq və diskriminasiya ilə mübarizə, neonasizmin baş qaldırmasına yol verilməməsi, uşaqların cinsi istismarına və uşaq ticarətinə son qoyulması üçün hüquq-mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi kimi məsələlər diqqət mərkəzində olacaq”, - deyə mətbuat xidməti qeyd edir.
Sessiyada Gürcüstanda münaqişəyə, Krımda insan hüquq və əsas azadlıqlarının pozulmasına dair müzakirələr aparılacaq. Çernobıl fəlakətinin 30-cu ildönümünə dair sənəd qəbul ediləcək.
O cümlədən, ATƏT məkanında qanunun aliliyini təmin etmək məqsədilə korrupsiyaya qarşı mübarizə məsələsi gündəmdə olacaq. Böhranlara və münaqişələrə qarşı səmərəli tədbirlərin işlənib hazırlanması istiqamətində ətraflı fikir mübadiləsi aparılacaq. **
R.Babayev