Trans-Anadolu qaz kəmərinin (TANAP) tikintisi layihəsi çərçivəsində "Cənub Qaz Dəhlizi" (CQD) QSC-nin ümumi xərcləri 2020-ci ilədək $6,2 mlrd. təşkil edəcək. Bu barədə jurnalistlərə SOCAR-ın Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev məlumat verib.
"2016-cı il mayın sonuna olan vəziyyətə görə, layihə çərçivəsində $2 mlrd. 91,2 mln. sərf olunub. "Cənub Qaz Dəhlizi" QSC-nin layihə çərçivəsində xərcləri 2020-ci ilədək $6,2 mlrd. təşkil edəcək", - deyə V.Əliyev bildirib.
O, həmçinin qeyd edib ki, 2016-cı il mayın sonuna olan vəziyyətə görə TANAP qaz kəmərinin tikintisi layihəsi çərçivəsində nəzərdə tutulmuş işlərin 26,3%-i yerinə yetirilib: 1166 km uzunluğunda boru istehsal olunub, tikinti sahələrinə 929 km uzunluğunda boru gətirilib və 533 km uzunluğunda boru qaynaq edilib.
Xəbər verildiyi kimi, Azərbaycan prezidenti İlham Əliyev 2014-cü il fevralın 25-də "Şahdəniz" qaz-kondensat yatağının ikinci mərhələsinin işlənməsi layihəsinin səmərəli idarə olunması, Cənubi Qafqaz, Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) qaz kəmərlərinin genişləndirilməsi ilə bağlı “Cənub Qaz Dəhlizi” QSC-nin yaradılması haqqında sərəncam imzalayıb.
Ümumi uzunluğu 1,85 min kilometr olan TANAP qaz kəməri “Mərhələ-2” çərçvəsində “Şahdəniz” yatağından hasil edilən Azərbaycan qazının Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədlərinə qədər nəqli üçün nəzərdə tutulub.
17 mart 2015-ci il tarixində Türkiyənin Qars vilayətində TANAP qaz kəmərinin təməlqoyma mərasimi keçirilib.
Trans-Anadolu qaz kəməri ilə Azərbaycan qazının Türkiyəyə 2018-ci ilin iyun ayında nəql olunacağı gözlənilir.*
N.Abbasova