Alp Toqay Kurum “SOCAR-KBR Llc” Azərbaycan-Amerika birgə müəssisəsinin baş direktoru təyin olunub. Bu barədə Türkiyə mətbuatı məlumat verir.
“A.T.Kurum 10 il ərzində “KBR” şirkətində çalışıb və hazırki təyinatına qədər şirkətin London ofisində baş menecer postunu tutub, Türkiyə və Xəzər dənizi regionunda biznesin inkişafına məsul olub”, - deyə nəşrlər qeyd edirlər.
2015-ci ilin mart ayında SOCAR və ABŞ-ın “KBR” şirkətləri injinirinq xidmətləri üzrə birgə müəssisə yaradıblar. BM mühəndislik, həmçinin texniki layihələndirmə, geoloji kəşfiyyat, neftin hasilatı və emalı, nəqli, neft və neft məhsullarının təkrar emalı ilə bağlı xidmətlər göstərir.
2016-cı ilin mart ayında “SOCAR-KBR Llc” Heydər Əliyev adına Neft Emalı Zavodunda yenidənqurma və modernizasiya layihəsinin idarəedilməsi üzrə podratçı oldu.
KBR şirkəti 1994-cü ildən Azərbaycanda mühəndislik xidmətləri üzrə ilk beynəlxalq podratçı kimi fəaliyyətə başlayıb və həmin vaxtdan etibarən “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” kimi Hasilatın pay bölgüsü sazişləri üzrə xidmət göstərir. KBR, Inc. (əvvəllər “Kellogg Brown & Root”) mühəndislik, təchizat və tikinti xidmətləri göstərən Amerika şirkətidir.
KBR ABŞ Ordusunun və Müdafiə Nazirliyinin əsas təminatçılarındandır və “Halliburton” şirkətinin törəməsidir. Nəzarət paketini 1962-ci ildə əldə edib. Şirkətin baş ofisi Hyuston şəhərində yerləşir. **
N. Abbasova