2016-cı il yanvarın 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) xarici idarəçilər tərəfindən idarə olunan aktivlərinin həcmi $2 mlrd. 376 mln. və ya fondun aktivlərinin 7,1%-ni təşkil edib. Bu barədə ARDNF-in 2015-ci il üçün maliyyə hesabatında məlumat verilir.
Xəbər verildiyi kimi, 2014-cü il dekabrın 31-nə ARDNF-in xarici menecerlərin idarəçiliyində olan aktivlərinin həcmi $1 mlrd. 649 mln. təşkil edib. Beləliklə, fondun xarici menecerlərin idarəsinə verilmiş aktivlərinin həcmi 2015-ci ildə 44,1% artıb.
Maliyyə hesabatına əsasən, 31 dekabr 2015-ci il tarixinə ARDNF-in $1 mlrd. 248 mln. məbləğində və ya aktivlərinin (səhmləri) 3,7%-i UBS Asset Management, $804 mln.-u (aktivlərin 2,4%-i) State Street Global Advisors (SSGA) idarə edir.
Bundan başqa, Dünya Bankı ARDNF-in $224 mln. məbləğində (0,7%), DB Advisors (“Deutsche Bank”ın aktivlərin idarə edilməsi üzrə bölməsi) $100 mln. məbləğində (0,3%) səhmləri idarə edir.
1 yanvar 2016-cı il tarixinə ARDNF-in aktivləri $33,57 mlrd. təşkil edir.
1999-cu ildə yaradılan Neft Fondunda neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qazın nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır. **
A.Əzizov