2016-2017-ci illərdə Xəzər dənizində nərə balıqlarının kommersiya ovuna texniki moratorium davam edəcək. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən məlumat verilib.
“Astana şəhərində keçirilən Xəzər dənizinin Su Bioloji Resursları Komissiyasının 36-cı sessiyasındın yekunları üzrə 2016-2017-ci illərdə Xəzər dənizində nərə balıqlarının kommersiya ovuna texniki moratoriumun davam etdirilməsi, həmçinin cüzi həcmdə balıqartırma və elmi-tədqiqat məqsədləri üçün kvotaların mənimsənilməsi haqqında qərar qəbul olunub”, - deyə məlumatda qeyd edilir.
Bundan başqa, sessiyada “Xəzər dənizinin su bioloji resurslarının mühafizəsi və səmərəli istifadəsi haqqında Saziş”in qüvvəyə minməsi barədə məlumat verilib. Sazişin ratifikasiyasının bütün Xəzəryanı ölkələrdə başa çatmasını nəzərə alaraq, Komissiyanın statusunun təsisatlararası səviyyədən hökumətlərarası status səviyyəsinə qaldırılması haqqında elan verilib.
Yeni Komissiyanın ilk təsis sessiyasının 1 noyabr 2016-cı il tarixində Bakıda keçirilməsi planlaşdırılır. **
N.Abbasova