Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ-ın Ermənistandakı keçmiş səfiri Con Evansın adını arzuolunmaz şəxslər siyahısına salacaq.
"Con Evans Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə qeyri-qanuni səfəri növbəti təxribat əməlidir. O, ABŞ erməni lobbisinin diktəsi altında və müəyyən maliyyə maraqları müqabilində bu qərəzli addımı ilə xüsusilə indiki həssas durumda qəsdən vəziyyətin gərginləşdirilməsinə cəhd göstərir. Onun adı arzuolunmaz şəxslər siyahısına daxil ediləcək", - deyə XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin bəyanatında qeyd olunur.
Onun sözlərinə görə, Con Evansın kriminal mənşəli irqçi və radikal erməni lobbi təşkilatı olan Amerika erməni milli komitəsi ilə uzunmüddətli sıx əlaqələri heç kimə sirr deyil.
"ABŞ-ın Ermənistanda səfiri olarkən vəzifəsindən sui-istifadə edən bu şəxs qatı ermənipərəst və irqçi mövqeyi ilə seçilib, təmsil etdiyi ölkənin deyil daha çox erməni lobbisinin maraqlarından çıxış edib. Qeyri-peşəkarlığa və yol verdiyi xidməti qüsurlara görə vaxtından əvvəl səfir vəzifəsindən geri çağrılıb", - deyə XİN rəsmisi vurğulayıb.*
A.Əzizov