Dağlıq Qarabağ münaqişəsi zonasında mövcud vəziyyətin saxlanılması gərginliyə səbəb ola bilər. ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın XİN başçısı Frank-Valter Ştanmayer belə hesab edir.
“Bu vəziyyətin davam edəcəyi halda münaqişənin gərginləşməsi riski artır. Biz bunun qarşısını almağa çalışmalıyıq. ATƏT münaqişənin uzunmüddətli həllini tapmağa səy göstərir”, - deyə F.-V.Ştanmayer erməni həmkarı Edvard Nalbandyanla birgə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Ermənistan və Azərbayan prezidentləri Serj Sarqsyan və İlham Əliyevin görüşləri “cəbhə xəttində vəziyyətin sakitləşməsinə imkan yaradıb”.
“Biz prinsipial olaraq düzgün yoldayıq, bu vəziyyəti saxlamaq və danışıqlara prosesini davam etdirmək üçün əlimizdən gələni etməliyik. ATƏT-in, vasitəçilərin səy göstərmələri, o cümlədən münaqişə tərəflərinin qarşılıqlı güzəşlərə getməyə hazırlıqları zəruridir”, - deyə F.-V.Ştanmayer bəyan edib.
Öz növbəsində, Ermənistan XİN başçısı E.Nalbandyan qeyd edib ki, İrəvan Almaniyanın sədrliyi altında ATƏT-in Minsk qrupunun Qarabağ münaqişəsini yalnız sülh yolu ilə həllinə dair səylərini dəstəkləməsini yüksək qiymətləndirir.
“Almaniya sərhədyanı insidentlərin araşdırılması mexanizmlərinin tətbiqini, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin səlahiyyətlərinin genişləndirilməsini dəstəkləyir. Bu təkliflər, həmçinin 1994-1995-ci illərdə əldə olunan atəşkəs haqqında sazişin şərtsiz icrası danışıqlra prosesinin irəliləməsi üçün əlverişli şərait yaradacaq. Ermənistan bu istiqamətdə vasitəçilərlə çalışır”, - deyə E.Nalbandyan bildirib. **