Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2015-ci ildə xarici banklarda depozitlərə investisiya portfelini 1,75 dəfə - 1 mlrd. 793,488 mln. manat artırıb. Bu barədə ARDNF-in 2015-ci il üzrə hesabatında deyilir.
Fondun saytında dərc edilmiş hesabata əsasən, ARDNF 2015-ci ildə Türkiyənin 4 bankında, 2014-cü ildə isə Türkiyə və Rusiyanın 5 bankında depozitlərə malik olub.
31 dekabr 2015-ci il tarixinə “Turkiye Garanti Bankasi”nda depozitlər 587,183 mln. manat (artım 6,9 dəfə), “Turkiye Is Bankasi A.S. Istanbul”da - 584,165 mln. manat (artım 64,5%), “T.C.Ziraat Bankasi”nda – 388,396 mln. manat (artım 25,6%), “Akbank T.A.S.”da – 233,744 mln. manat (azalma 11,3%) təşkil edir.
Ötən il ARDNF “ABB-Moskva” bankında depozit hesablarını bağlayıb (2014-cü ildə bu bankda 7,846 mln. manata malik olub.
ARDNF Azərbaycan prezidentinin 29 dekabr 1999-cu il tarixli fərmanı ilə yaradılıb və dövlət başçısına hesabat verən büdcədənkənar dövlət təsisatıdır. Fondda neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.*
A.Əzizov