Rəsmi Bakı Almaniyanın xarici işlər üzrə federal naziri, ATƏT-in fəaliyyətdə olan sədri Frank Valter Ştaynmayerin Ermənistanda Dağlıq Qarabağ separatçılarının “lideri” Bako Saakyanla görüşünü Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icması ilə görüş kimi qiymətləndirir.
«Almaniyanın xarici işlər üzrə federal naziri, ATƏT-in fəaliyyətdə olan sədri Frank Valter Ştaynmayerin Ermənistanda Bako Saakyanla görüşü Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icması ilə görüş xarakteri daşıyır”, - deyə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Onun sözlərinə görə, Azərbaycana səfər müddətində Ştaynmayer Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının nümayəndələri ilə görüşəcək, həmçinin məcburi köçkünlər üçün tikilmiş yaşayış məntəqəsi ilə tanış olacaq.*
R.Babayev