İran ildə 600 MVt elektrik enerjisinin Azərbaycana tədarükü üçün elektrik ötürücü xətlərinin (EÖX) tikintisini başa çatdırıb. Bu barədə İran mətbuatı energetika naziri Həmid Çitçyana istinadən məlumat verir.
«İran Azərbaycana 600 MVt-a qədər elektrik enerjisi ötürə bilən EÖX-nin çəkilməsini başa çatdırıb. Qışda Azərbaycan, Rusiya və Gürcüstanda, yayda isə İranda elektrik enerjisinin istehlakı ən yüksək həddə çatır. İran qış fəslində bu ölkələrə elektrik enerjisi ixrac, yayda isə idxal edə bilər”, - deyə nazir vurğulayıb.
Onun sözlərinə görə, bu cür enerji mübadiləsi yeni elektrik stansiyalarının tikintisinin azaldılması hesabına bütün xərcləri azaltmağa imkan verəcək.
İran hazırda Türkiyə, Azərbaycan (o cümlədən Naxçıvan Muxtar Respublikası), Ermənistan, Türkmənistan, Pakistan, Əfqanıstan, Suriya və İraqla enerji mübadiləsi həyata keçirir.
Daha əvvəl İranın elektrik enerjisinin istehsalı, ötürülməsi və paylanması üzrə ixtisaslaşmış şirkətinin baş direktoru Areş Kardi bildirmişdi ki, İran qonşu ölkələrə ildə 2 min MVt-a qədər elektrik enerjisi ixrac edə bilər.
Onun sözlərinə görə, İran Azərbaycanın enerji şəbəkəsi vasitəsilə Gürcüstana elektrik enerjisi ixrac etməyi planlaşdırır. Bundan başqa, ölkə Azərbaycan vasitəsilə Rusiya ilə enerji mübadiləsi həyata keçirmək niyyətindədir.*
N.Abbasova