2016-cı ildə Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Türkiyədə “STAR” neft emalı zavodunun (NEZ) tikintisinə $204,8 mln. vəsait ayıracaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə fonddan məlumat verilib.
2015-ci ilin əvvəlində ARDNF “STAR” NEZ-in tikinti layihəsində Azərbaycanın payının maliyyələşdirilməsinin başa çatdığını elan edib.
“2013-2014-cü illərdə ARDNF-nin vəsaitindən bu məqsədlərə $760 mln. ayrılıb. Fondun büdcəsində düzəlişlərə uyğun olaraq, cari il ARDNF “STAR” layihəsində Azərbaycanın payının maliyyələşdirilməsini bərpa edəcək və bu məqsədlərə $204,8 mln. ayrılacaq”, - deyə fonddan qeyd ediblər.
“İnterfaks-Azərbaycan” agentliyinə fonddan verilən məlumata görə, mayın sonuna “STAR” NEZ-in tikintisi üzrə işlərin 68%-i icra olunub.
“SOCAR Turkey Enerji” 2011-ci il oktyabrın 25-də İzmir şəhərində “STAR” NEZ-in təməlini qoyub. Zavodun tikintisi üzrə baş podratçı “Tecnicas Reunidas SA”, “Saipem SpA”, “GS Engineering & Construction Corp” və “Itochu” şirkətlər alyansıdır. 2013-cü ilin may ayında alyansla EPC müqaviləsi (Engineering, procurement and construction) imzalanıb.
NEZ-in illik gücü 10 mln. ton neft təşkil edəcək. Zavodda “Urals”, “Azəri Light” və “Kərkük” kimi neft markalarının emalı planlaşdırılır. Zavodun tikintisi “Petkim” neft-kimya kompleksini xammalla təmin etməyə və SOCAR-ın dizel yanacağı, aviasiya kerosini, eləcə də kimya sənayesi üçün xammalla böyük Aralıq dənizi bazarına çıxmasına imkan verəcək. 2018-ci ildə zavodun istifadəyə verilməsi planlaşdırılır.
“SOCAR Turkey Enerji” şirkəti “Petkim” neft-kimya kompleksinin nəzarət səhm paketinin (51%) sahibidir. Şirkət, həmçinin Türkiyədə yeni neft emalı zavodu, konteyner terminalının tikintisi və ölkənin daxili bazarına qaz tədarükü ilə məşğuldur.
Layihənin ümumi dəyəri $5,65 həcmində qiymətləndirilir. 2014-cü ilin iyun ayında “SOCAR Turkey Enerji” şirkəti İzmirdə 23 kommersiya bankı ilə “STAR” neft emalı zavodunun tikintisi layihəsinin maliyyələşdirilməsinə dair kredit sazişləri imzalayıb. Cəlb edilən vəsaitlərin həcmi $3 mlrd. 290 mln. təşkil edib. **
A.Əzizov