2016-cı ilin I yarıdında Azərbaycanda sığortaçılar tərəfindən 2,268 min ədəd beynəlxalq sığorta müqaviləsi bağlanılıb. Bu müqavilələr üzrə daxil olan sığorta haqları 287,676 min manat təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İcbari Sığorta Bürosundan (İSB) məlumat verilir.
“2016-cı ilin iyun ayında sığortaçılar tərəfindən 827 ədəd beynəlxalq sığorta müqaviləsi bağlanılıb. Green Card polisləri üzrə sığorta haqları 63,676 min manat təşkil edib”, - deyə Bürodan bildirilib.
Azərbaycan 2016-cı il yanvarın 1-dən Green Card sisteminə üzv olan ölkələrin Cənub-Şərq Qrupuna daxil olub. Tranzit üzvlük 10 il müddətinə nəzərdə tutulub. Azərbaycanı Yaşıl Kart sistemində İSB təmsil edir.
Yaşıl Kart - avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası şəhadətnaməsinin bu sistemin iştirakçıları olan ölkələr arasında qarşılıqlı tanınması haqqında sazişdir.
1949-cu ildə Londonda avtomobil sığortaçılarının beynəlxalq konfransında BMT-nin İqtisadi və Sosial Şurasının tövsiyələri qəbul edilib və rəsmi olaraq mənzil-qərargahı Londonda yerləşən Büro Şurasının əsası qoyulub. 1951-ci ildə Büro Şurasının birinci rəsmi toplantısı baş tutub. Toplantıda sistemə üzv ölkələrin milli büroları arasında sazişin modeli razılaşdırılıb və Yaşıl Kart-lar üçün vahid standartlar qəbul edilib. Yaşıl Kart-a dair saziş 1953-cü il yanvarın 1-dən qüvvəyə minib. Sazişə əsasən, üzv ölkələrin hər biri tərəfindən verilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığorta şəhadətnaməsi həmin sazişin iştirakçısı olan digər dövlətlərin ərazisində etibarlı sayılır.
İcbari Sığorta Bürosu “İcbari sığortalar haqqında” qanun çərçivəsində yaradılıb. **
A.Əzizov